“Konyaspor” heyətini iki yeni futbolçu – yarımmüdafiəçi Daniel Aleksiç və sağ cinah müdafiəçisi Nikola Boraniyaşeviçlə gücləndriib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Serbiyadan olan hər iki futbolçu Konya klubuna azad agent kimi qoşulub. 33 yaşlı Aleksiç yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. 32 yaşlı Boraniyaşeviç isə 1+1 illik sözləşmə imzalayıb.
Daniel Aleksiç “Konyaspor”a Türkiyənin digər klubu “Başakşəhər”dən gəlib. O, İstanbul təmsilçisinə 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan keçmişdi. Hücumameyilli yarımmüdafiəçi “Başakşəhər”in heyətində meydana çıxdığı 182 oyunda 37 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Türkiyədə “Yeni Malatyaspor” klubunun da uğurları üçün çalışıb – 38 oyun, 14 qol və 8 məhsuldar ötürmə.
Aleksiç karyerası ərzində “Sankt-Qallen”, “Voyvodina”, “Qroyter Fürt”, “Lexiya” (Qdansk), “Cenoa”, “Sent Etyen”, “Arl-Avinyon” kimi klubların da formasını geyinib. Serbiyanın U-17, U-19 və U-21 yığmalarında oynamış yarımmüdafiəçi, 2008-ci ilin dekabr ayında əsas millidə debüt edib. Amma o, Serbiya millisində cəmi 2 oyunun iştirakçısı olub.

Nikola Boraniyaşeviç isə “Konyaspor”a İsveçrənin “Sürix” klubundan gəlib. Müdafiəçi 2021-ci ilin iyul ayından bəri formasını geyindiyi bu komandanın heyətində 115 oyuna çıxıb, 6 qol vurub, 10 məhsuldar ötürmə verib. O, “Lozanna Sport”, “Borats”, “Napredak”, “Ventspils” kimi klubların da formasını tərlədib.
Boraniyaşeviç vaxtilə Serbiyanın U-19 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.



