Ayose Peres 4 milyon avroya “Vilyarreal”a keçdi

İspaniyanın “Betis” klubunun sol vingeri Ayose Peres bundan sonra La Liqanın digər təmsilçisi “Vilyarreal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Vilyarreal”ın rəsmi saytına istinadən məlumat verir.

31 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. “Vilyarreal” bu transferə görə “Betis”ə 4 milyon avro ödəyib.

Ayose Peres “Tenerife”nin yetirməsidir. O, İngiltərədə “Nyukasl”, “Lester Siti” kimi klubların da şərəfini qoruyub. 2023-cü ilin yanvarından “Betis”də çıxış edən Ayose, bu komandanın heyətində 59 oyun keçirib, 15 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

İspaniyanın U-21 yığmasında da oynamış Ayose, bu il ölkəsinin əsas millisində debüt edib. O, yığmanın heyətində 2 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Vilyarreal” iki futbolçusu ilə də yollarını ayırıb. İspaniyalı mərkəz yarımmüdafiəçisi Manu Triqeros “Qranada”ya keçib. O, yeni klubuna azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb.

Manu Triqeros “Talavera”, “Barselona” və “Mursiya” kimi klubların futbol akademiyalarından keçsə də, peşəkar karyerası yalnız “Vilyarreal”la bağlıdır. 32 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində 477 oyun keçirib, 38 qol və 39 məhsuuldar ötürmə müəllifi olub.

“Vilyarreal” sağ vingeri Haysem Hassanı da “Real Ovyedo”ya satıb. Klub 22 yaşlı oyunçunun satışından 1,5 milyon avro qazanıb. Əslən Misirdən olan fransalı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Fransanın “Şatoru” klubunun yetirməsi olan Hassan, “Vilyarreal”a 2020-ci ilin oktyabr ayında 2 milyon avro müqabilində keçmişdi. Lakin o, bu klubun əsas komandasında cəmi 2 oyun keçirib. “Mirandes” və “Sportinq” (Xixon) kimi klublara icarəyə verilmiş futbolçu, Fransanın U-17 və U-18 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: