“Opta Sports” dərgisinin superkompüteri İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün qalibini təxmin edib.
Arena.az məlumat verir ki, təxminlərə əsasən, 2024/2025-ci illər mövsümündə İspaniya çempionluğunu qazanmağa əsas namizəd “Real”dır.
İtalyan mütəxəssis Karlo Ançelottinin çalışdırdığı “qaymaqlılar”ın çempionluq imkanı 86% olaraq görülür.
Alman mütəxəssis Hans-Diter Flikin yenicə sükanı arxasına keçdiyi “Barselona” isə 10,3% göstəricisi üzrə çempionluq imkanına malikdir.
Süni zəka argentinalı mütəxəssis Dieqo Simeonenin çalışdırdığı Madrid “Atletiko”sunu yeni mövsümün bürünc mükafatçısı olaraq görür. “Döşəkçilər”in 2,2%-lə çempionluq imkanı təxmin edilir.
Bu üçlüyün ardınca “Jirona” (0,8%), Bilbao “Atletik”i (0,3%) və “Real Sosyedad” (0,2%) sıralanıblar.
Superkompüterin gözləri ilə La Liqanın autsayderləri sırasında isə “Espanyol”, “Valyadolid” və “Leqanes” yer alıblar.
Xatırladaq ki, “Real” ötən mövsüm çempion olub. “Barselona” gümüş, “Jirona” isə bürünc mükafatı qazanıb.


