Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 5-ci turunun oyunları keçirilir.
Rahilin komandası bu turda “Legiya”nın qonağı olub. Beş qolun qeydə alındığı oyun “Radomyak”ın 1:4 hesablı məğlubiyyətiylə yekunlaşıb.
Rahil bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, ilk qol zamanı penaltiyə səbəb olması ilə diqqət mərkəzinə düşüb.
“Radomyak” 5 turdan sonra 4 oyuna topladığı 3 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.
Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində hələlik 3 oyuna çıxıb.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.


