“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Zaqreb “Dinamo”suna qarşı keçirəcəyi ilk oyunun hakimləri bəlli olub.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komandaların ilk görüşünü isveçli hakimlər idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Qlenn Nyuberq olacaq. Ona yan xətt hakimləri qismində həmyerliləri Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə digər isveçli Adam Ladebak yerinə yetirəcək.
VAR-da isə almaniyalı hakimlər çalışacaqlar. Bastian Dankert VAR, Yohan Pfayfer isə AVAR kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Qarabağ”la “Dinamo” arasındakı ilk oyun avqustun 20-də Zaqrebdə keçiriləcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Cavab qarşılaşması isə avqustun 28-də Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçına saat 20:45-də start veriləcək.
Sonda onu da qeyd edək ki, Qlenn Nyuberq bu yay Almaniyada təşkil olunmuş Avropa çempionatının oyunlarını idarə etmiş FIFA referilərindən biridir. Referi AÇ-2024-ün üç oyununu idarə edib. Rumıniya – Ukrayna (3:0), Albaniya – İspaniya (0:1) və Fransa – Belçika (1:0) qarşılaşmaları ona həvalə edilib.
Nyuberq daha əvvəl də Azərbaycan çempionunun oyununa təyinat alıb. 35 yaşlı referi 2021/2022 mövsümündə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Ağdam klubunun səfərdə Kiprin AEL komandasına qarşı ilk görüşündə iş başında olub. Lakin referi sözügedən qarşılaşmada bəxtsizliklə üzləşib. Nyuberq heç-heçə yekunlaşan (1:1) oyunun 80-ci dəqiqəsində zədələnib və matçı davam etdirə bilməyib. Onu həmyerlisi Boyan Panciç əvəzləyib.



