Can Pyero Qasperini A Seriyasında tarixi nailiyyətə imza atdı

İtaliya A Seriyasının 1-ci turunda “Leççe” ilə səfər oyunu “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Qasperinin yetirmələri bu oyunda 4:0 hesablı qələbə qazanıblar.

Nəticədə italyan mütəxəssis “Atalanta”nın sükanı arxasında İtaliya A Seriyasında qazandığı xalların sayını 552-yə çatdırıb.

Beləliklə, Qasperini İtaliya çempionatları tarixində bir komandanın sükanı arxasında 550-dən artıq xal qazanmağı bacarmış 5-ci mütəxəssis olaraq adını futbol tarixinə yazıb.

Vurğualayaq ki, ilk beşlikdə yer almış bütün məşqçilər italyan mütəxəssislərdir. Müvafiq göstəricidə rekord “Yuventus”la 770 xal toplamış Covanni Trapattoniyə məxsusdur. 2-ci pillədə eynilə “Yuventus”la 663 xal qazanmış Massimiliano Alleqri qərarlaşıb. “Milan”la 557 xal qazanmış, hazırda “Real”ı çalışdıran Karlo Ançelotti və “İnter”in keçmiş baş məşqçisi Elenio Errera isə 3-cü nəticəyə sahibdirlər.

Can Pyero Qasperini “Atalanta”nı 2016-cı ilin iyunundan çalışdırır. 66 yaşlı italyan mütəxəssisin Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Qasperini “Atalanta”nı İtaliya Kubokunun finalına daşıyıb və burada gərgin mübarizədə “Yuventus”a 0:1 hesabı ilə məğlub olub. Buna rəğmən, Qasperini komandasını toparlayıb ötən mövsümdə məğlubiyyət tanımayan Almaniya Bundesliqasının çempionu “Bayer”i Avropa Liqasının finalında 3:0 hesabı ilə məğlub edərək, həm özünün və həm də klubun beynəlxalq müstəvidə ilk böyük qənimətini qazanıb.

Ötən mövsüm İtaliya A Seriyasını isə Qasperininin “Atalanta”sı 69 xalla 4-cü pillədə başa vuraraq, bu mövsüm Çempionlar Liqasında iştirak hüququnu qazanıb.

Qasperinin rəhbərliyi altında “Atalanta” 389 oyuna çıxıb, 202 qələbə qazanıb, 90 heç-heçə edib və 97 məlubiyyət yaşayıb. Berqamo təmsilçisinin top fərqi isə 753:465 nisbətindədir.

66 yaşlı italiyalı mütəxəssis daha öncə “Cenoa”, “Palermo”, “İnter” və “Krotone”ni də çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: