Joao Pedro “Fənərbaxça”nı tərk etdi, Arda Akgün gəldi

Türkiyənin “Fənərbaxça” klubunun braziliyalı hücumameylli yarımmüdafiəçisi Joao Pedro Super Liqa təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Fənərbaxça” braziliyalı oyunçuya gələcək karyersında uğurlar arzulayıb.

Xatırladaq ki, “Fənərbaxça” Joao Pedronu 2022-ci ilin iyul ayında İtaliyanın “Kalyari” klubundan 4,6 milyon avroya transfer etmişdi. Həmin vaxt tərəflər 3 illik müqaviləyə imza atmışdılar. Bir sözlə, Pedronun sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatmalı idi.

Joao Pedro “Fənərbaxça”nın heyətində 28 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub, 1 məhsuldar ötürmə verib. 2023-cü ilin avqustunda isə Türkiyə klubu onu Braziliya “Qremio”suna icarəyə vermişdi. Futbolçunun icarə müddəti bu yay başa çatsa da, Joao “Fənərbaxça”nın düşərgəsinə qayıtmamışdı. Klubun braziliyalı yarımmüdafiəçi ilə vidalaşmasına da məhz onun bu davranışı səbəb olub.

Joao Pedro peşəkar karyerasına “Atletiko Mineyro”da başlayıb. 2010-cu ildə “Palermo”nun transfer etdiyi oyunçu, İtaliya klubunda möhkəmlənə bilmədiyi üçün əvvəlcə “Vitoriya Gimaraynş”, daha sonra “Penyarol” klublarına icarəyə verilib. 2012-2013-cü illərdə “Santos”da çıxış edən yarımmüdafiəçi, bir mövsüm “Eştoril”də də çıxış edib. Təcrübəli futbolçu 2014-cü ildən “Fənərbaxça”ya keçənə qədər “Kalyari”nin uğurları üçün çalışıb. İtaliya vətəndaşlığı da olan futbolçu, bu ölkənin əsas millisində cəmi 1 oyun keçirib.

Yeri gəlmişkən, “Fənərbaxça” heyətinə yeni oyunçu da cəlb edib. İstanbul klubu aşağı liqa təmsilçisi “Balıkesirspor”un sağ vingeri Arda İbrahim Akgünü heyətinə qatıb. 17 yaşlı futbolçunun transferi ilə bağlı detallar açıqlanmır. Yalnız onun “Fənərbaxça” ilə 4 illik müqaviləyə imza atdığı məlumdur.

Arda Akgün Türkiyənin U-16 və U-17 yığmalarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: