Fransa çempionu PSJ-nin braziliyalı dayaq yarımmüdafiəçisi Qabriel Moskardo bundan sonra “Reyms”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Reyms”in rəsmi saytına istinadən məlumat verir.
Sözügedən klub 18 yaşlı futbolçunu 2024/2025 mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, Qabriel Moskardo Braziliyanın “Korintians” klubunun yetirməsidir. O, PSJ-yə bu ilin yanvarında 20 milyon avro müqabilində keçib. Yarımmüdafiəçinin Paris klubu ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var. Amma ona PSJ-nin əsas komandasında debüt etmək hələ qismət olmayıb.
Braziliyalı futbolçu ötən ildən Braziliyanın U-23 yığmasında da oynamağa başlayıb.
“Reyms” bir futbolçusu ilə də yollarını ayırıb. Sağ cinah müdafiəçisi Terens Kudu bu klubu azad agent kimi tərk edərək “Po”ya keçib. 19 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti və detalları açıqlanmır.
Terens Kudu “Reyms”in aşağı yaş qrupları üzrə müxtəlif komandalarında oynayıb, əsas komandada isə 9 oyun keçirib. Kudu ötən mövsümü icarə əsasında məhz “Po”da keçirib – 14 oyun, 1 qol.
Terens Kudu Fransanın U-16, U-18 və U-19 yığmalarında da oynayıb.


