“Real”ın belçikalı qapıçısı Tibo Kurtua milli komandanı Domeniko Tedeskonun çalışdırdığı müddətdə yığmada oynamayacağını bildirib.
Arena.az məlumat verir ki, belçikalı qapıçı bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı paylaşıb:
“Mən belçikalı azarkeşlərə və milli komandamızın azarkeşlərinə müraciət etmək istəyirəm.
Mən öz ölkəmi, eləcə də sizin hər birinizi meydanda təmsil etməkdən böyük məhəbbət və qürur duyuram. Mən milli komandamızın formasını daşımaqdan şərəf duyuram. Ən cəsarətli xəyallarımda belə, bunu yüz dəfədən çox edə biləcəyimi təsəvvür edə bilməzdim.
Təəssüf ki, baş məşqçi ilə baş vermiş hadisələrdən və çox düşündükdən sonra onun rəhbərliyi altında Belçika yığmasına qayıtmamaq qərarına gəldim. Bu məsələdə öz məsuliyyətimi qəbul edirəm. Ona güvənməməyim gərəkli səmimi ab-havanı saxlamağa kömək etməyəcəkdi.
Müzakirələr apardığım federasiya mənim mövqeyimi və bu ağrılı, amma sabit qərara səbəb olan səbəbləri qəbul edir. Bəzi azarkeşləri məyus etdiyim üçün üzr istəyirəm. Bununla belə, əminəm ki, bu, Belçika yığmasının inkişafı üçün ən yaxşı həll yoludur, çünki bu, müzakirələrə son qoyur və komandanın diqqətini öz məqsədlərinə çatmağa yönəltməyə imkan verir”, – Tibo Kurtua dərc edib.
Xatırladaq ki, italyan-alman mütəxəssis Domeniko Tedesko Belçika yığmasını 2023-cü ilin fevral ayından çalışdırır. Tedesko 2024-cü ildə Almaniyada keçirilmiş Avropa çempionatına cəlb etdiyi heyətə qapıçı Tibo Kurtuanı daxil etməmişdi. Mütəxəssis bu qərarını, ötən mövsümün böyük bir hissəsini zədə səbəbi ilə yaşıl meydanlardan kənarda qalmış qapıçının tam sağalıb bərpa olmasına ehtiyac duyması ilə əsaslandırmışdı. Göründüyü kimi, bu məqam tərəflər arasına fikir ayrılığı salıb və vəziyyət bu həddə çatıb.


