İngiltərənin “Börnli” klubunun belçikalı sol vingeri Anass Zaruri bundan sonra “Lans”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi bu transfer üçün İngiltərə klubuna 9 milyon avro ödəyib. 23 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Anass Zaruri Belçikanın “Mexelen” klubunun yetirməsidir. “Sulte Varegem”, “Lommel”, “Şarlerua” kimi klublarda da oynamış vinger, “Börnli”yə 2022-ci ilin avqustunda 5 milyon avro müqabilində keçmişdi. O, bu klubun əsas komandasında 49 oyuna 10 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Zaruri bir müddət “Hall Siti”də icarədə də olub – 12 oyun, 2 qol.
Belçikada dünyaya göz açmış, bu ölkənin U-17, U-18 və U-21 yığmalarında da oynamış Anass, 2022-ci ilin noyabrında Mərakeş millisində debüt edib. O, ölkəsinin yığmasında 4 oyun keçirib, fərqlənə bilməyib.

“Lans” İtaliyanın “İnter” klubunun hücumçusu Martin Satrianonu da heyətinə qatıb. Fransa klubu 23 yaşlı uruqvaylı forvardı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Uruqvayın “Nasional” klubunun yetirməsi olan Satriano, “İnter”ə 2020-ci ilin yanvarında 2,4 milyon avro müqabilində cəlb olunub. Milan klubunun əsas komandasında cəmi 4 oyun keçirmiş futbolçu daha öncə “Empoli” və “Brest”də də icarədə olub. 2022-ci ilin sentyabrında Uruqvay yığmasında debüt etmiş hücumçu, sonradan millidə forma şansı qazanmayıb.

Yeri gəlmişkən, “İnter”in sağ vingeri İssiaka Kamate də Portuqaliyanın AVS klubuna keçib. Sözügedən klub 20 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürüb.


