Alisson Bekker Səudiyyə Ərəbistanından olan maraqdan danışdı

“Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker Səudiyyə Ərəbistanı klublarından özünə olan marağı təsdiq edib.

Arena.az “Daily Mail” dərgisinə istinadən, braziliyalı qapıçının bu barədə məlumatını təqdim edir:

“Bəli, maraq vardı. Digər oyunçuların Səudiyyə Ərəbistanında oyunu müqabilində aldıqları maaşlar haqqında eşidəndə, bu, səni azacıq cəlb edir. Bu, adi haldır, amma iş, mənim maaşı müzakirə etməyimə gəlib çıxmayıb.

“Liverpul”la müqaviləm var və bu müqavilə üzrə işimi başa vurmaq və ya yeni müqavilə imzalamaq istəyirəm. Mənim haqqımda başqa komandalarla danışıqlar aparmaq klubun maraqlarına uyğundursa, bu, ayrı bir söhbətdir. Mən Səudiyyə Ərəbistanına açığım, amma indi yox”, deyə Alisson vurğulayıb.

Alisson “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyulunda 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 264 oyun, 236 buraxılmış qol, 115 “quru” oyundan ibarətdir.

Alisson Bekker klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020).

Alisson 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 69 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 31 qol buraxıb, 43 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: