Endrik “Real”ın heyətində müstəsna nailiyyətə imza atdı

Futbol üzrə İspaniya La Liqasının “Valyadolid”ə qarşı 2-ci turun ev oyunu (3:0) “Real”ın gənc hücumçusu Endrik üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, braziliyalı futbolçu bu oyunda Braim Diasdan ötürmə alaraq, 90+6-cı dəqiqədə topu tora göndərməklə, “Real”ın heyətində debüt oyunundaca ilk qolunu rəsmiləşdirib.

Bununla da 18 yaşlı hücumçu “Real”ın heyətində İspaniya La Liqasında qol vurmuş ən gənc əcnəbi futbolçu kimi adını tarixə yazıb. Vurğulayaq ki, Endrik meydana əvəzetmədən sonra daxil olub və oyunda keçirdiyi 4 dəqiqə ərzində qol vura bilib.

Gənc futbolçu nailiyyəti ilə bağlı fikrini ifadə edib:

“Mən çox xoşbəxtəm, çünki arzum gerçəkləşdi. Artıq Braziliya millisinin heyətində “Santyaqo Bernabeu”da oynamışam, bu gün isə burada “Real”ın heyətində debüt etdim. Başıma gələn hər şeyə görə yalnız tanrıya şükür edə bilərəm.

Mən yalnız videooyunlarda gördüyüm böyük oyunçularla birlikdə oynamaqdan çox həyəcanlıyam. Ançelotti ilə danışdığım ilk məqam istedad və iş təklif etməyimdir. Mən öyrənməli olacağım çoxuna yeni başlayan bir adamam, amma çox xoşbəxtəm. Öz saatımın intizarında işləməyə davam edirəm”, – AS dərgisi Endrikdən sitat gətirir.

“Kiçik məkanlarda o, çox, çox təhlükəlidir” – Ançelotti

Həmçinin “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti oyundan sonra Endriklə bağlı fikrini bildirib:

“O, yaxşı görünür. Onun böyük qabiliyyəti və imkanı var, məqsədi ilə isə bütün keyfiyyətlərini ortaya qoyub. Yaxşı nəzarətə və yaxşı zərbəyə malikdir.

Endrik cərimə meydançasının hücumçusudur. Kiçik məkanlarda o, çox, çox təhlükəlidir”, – ESPN Ançelottidən sitat gətirir.

Böyük futbolda 4-cü mövsümünü keçirən 18 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki cari ilin iyulunda 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan heyətinə qatıb. Hələ qışda klublar arasında şifahi transfer razılaşdırılmışdı. Amma futbolçunun 18 yaşı tamam olmadığı üçün müvafiq keçid rəsmən gerçəkləşməmişdi. Artıq rəsmən “Real”a qoşulmuş Endrikin İspaniya nəhəngi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrikin “Palmeyras”ın heyətində ümumilikdə 82 oyun keçirib, 21 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

“Real”ın heyətində isə Endrik elə, debüt oyununda meydana ehtiyat oyunçular skamyasından daxil olaraq 4 dəqiqə ərzində ilk qoluna imza atıb.

Yeniyetmə futbolçu 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub.
Endirk həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 10 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: