Qırğızıstan yığmasının futbolçusuna ağır cəza

Qırğızıstan yığmasının futbolçusu Mirbek Axmatəliyev komanda yoldaşı ilə dava etdiyi üçün 5 il müddətinə futboldan kənarlaşdırılıb.

Arena.az bu barədə Qırğız Futbol İttifaqına (KFS) istinadən məlumat verir:

“Qırğız Futbol İttifaqına “Muras Yunayted” futbol klubunun rəhbərliyindən klubun məşqçilər qərargahının və idman direktorunun işdən çıxarılması barədə məktub daxil olub. Buna səbəb bu il avqustun 15-də komandanın Bişkekdəki “Selmaş” stadionunda klubun futbolçularının iştirakı ilə məşq edərkən baş vermiş münaqişə olub. Nəticədə klubun əcnəbi futbolçusu (legioner) Yevgeni Terzi zədələnib, daha doğrusu, onun çənəsi sınıb. Bu hadisənin təşəbbüskarı klubun futbolçusu Mirbek Axmatəliyev olub. Klub onunla əmək münasibətlərinə xitam vermək qərarına gəlib.

Avqustun 22-də Qırğız Futbol İttifaqının İntizam Komitəsinin iclası keçirilib və orada “Muras Yunayted” klubunun müraciətinə baxılıb. KFS İntizam Komitəsi pozuntu işinin təfərrüatı ilə tanış olaraq, KFS İntizam Məcəlləsinin 118-ci maddəsinə müvafiq surətdə, Mirbek Axmatəliyevin futbolla bağlı hər hansı fəaliyyətdən 5 il müddətinə kənarlaşdırılması barədə qərar qəbul edib”, – Qırğız Futbol İttifaqının rəsmi bəyanatında deyilir.

30 yaşlı mərkəz hücumçusu Mirbek Axmatəliyev Qırğızıstan yığmasında 2016-cı ilin noyabrında debüt edib. Axmatəliyev yığma komandanın heyətində 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: