Türkiyə millisinin və “Fənərbaxça”nın sol cinah müdafiəçisi Fərdi Kadıoğlu bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi 24 yaşlı sol cinah müdafiəçisini 30 milyon avro müqabilində heyətinə qatıb. “Fənərbaxça”nın bonuslarla daha 5 milyon avro qazanmaq imkanı olacaq. Futbolçunun gələcəkdə başqa kluba satışı zamanı isə gəlirin 10 faizi Türkiyə təmsilçisinə çatacaq.
Fərdi yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Fərdi Kadıoğlu Niderlandın “NEK Neymegen” klubunun yetirməsidir. O, “Fənərbaxça”ya 2018-ci ilin yayında 1,4 milyon avro qarşılığında keçjişdi. Müdafiəçi Türkiyə nəhənginin heyətində keçirdiyi 6 mövsüm ərzində 204 oyuna çıxıb. Bu oyunlarda 18 qola imza atmış müdafiəçi, 22 məhsuldar ötürmə ilə də yadda qalıb. Fərdi 2023-cü ildə “sarı-lacıvərdlilər”lə Türkiyə Kubokunu qazanıb.
Niderlandda dünyaya göz açmış Fərdi, bu ölkənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında (U-16, U-17, U-18, U-19, U-20, U-21) forma geyinib. O, 2022-ci ilin iyun ayında Türkiyə millisində debüt edib. Bu günə qədər “ay-ulduzlular”ın heyətində 20 oyuna çıxmış Kadıoğlu, 1 da qol vurub.



