“Nasyonal”ın futbolçusu 27 yaşında vəfat etdi

Uruqvay “Nasyonal”ının daha əvvəl meydanda huşunu itirmiş dayaq yarımmüdafiəçisi Xuan İskyerdo 27 yaşında dünyasını dəyişib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir:

“Ürəyimizdə ən dərin ağrı və sarsıntı ilə “Nasyonal” Futbol Klubu sevimli oyunçumuz Xuan İskyerdonun vəfatı haqda elan edir. Ailəsinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Bütün “Nasyonal” onun əvəzedilməz itkisinə yas tutur.
Xuan, sən əbədi olaraq bizimlə olacaqsan”, – Uruqvay nəhənginin başsağlığında deyilir.

Xatırladaq ki, İskyerdo avqustun 22-də “San-Paulu” ilə Libertadores Kubokunun 1/8 final mərhələsinin cavab oyununun (0:2; ilk oyun 0:0) fasiləsində Sebastyan Koatesi əvəz etmişdi. 84-cü dəqiqədə İskyerdo nizamsız ürək döyüntüləri səbəbindən huşsuz halda yerə yıxılıb. Futbolçu təcili surətdə Albert Eynşteyn adına xəstəxanaya çatdırılıb. Xəstəxana Çərşənbə axşamı, avqustun 27-də verdiyi açıqlamasında, İskyerdonun ürək aritmiyası ilə əlaqədar tənəffüs dayanması keçirdiyini və vəfat etdiyini bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: