“Palmeyras”ın baş məşqçisi Abel Ferreyra komandanın cari vəziyyəti ilə bağlı qadın müxbirin sualını cavablamaqdan kobud surətdə imtina edib.
Arena.az bu barədə “Futebol Interior” dərgisinə istinadən məlumat verir.
“Anlamalı olduğunuz bir məqam var: mən yalnız üç qadınla hesablaşa bilirəm: anamla, həyat yoldaşımla və “Palmeyras”ın prezidenti ilə (Braziliya klubunun prezidenti Leyla Pereyra – redaktorun qeydi). Yalnız onların mənimlə əlaqə saxlamağa və komandanın niyə uduzduğunu, məşqdə kiminsə ayağını niyə burxuldurduğunu izah etməyi tələb etmək hüququ var. Mənim yanıma gəlib izahat tələb etmək hüququ yalnız onlarındır”, deyə Abel Ferreyra acığını qadın müxbirin üstünə töküb.
Abel Ferreyra “Palmeyras”ı 2020-ci ilin noyabrından çalışdırır. Portuqal mütəxəssisin “Verdao” ilə müqaviləsi 2025-ci il dekabr ayının sonuna qədər qüvvədədir.
Vurğulayaq ki, Abel Ferreyranın rəhbərliyi altında “Palmeyras” Libertadores Kubokunun 1/8 final mərhələsində “Botafoqo”ya gözlənilmədən məğlub olaraq (səfərdə 1:2, evdə 2:2), mötəbər yarışda iştirakına xitam verib.


