“Atalanta”nın niderlandlı hücumameyilli yarımmüdafiəçisi Tyon Kopmeyners bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Turin klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Daha əvvəl Kopmeynersin “Yuventus”un marağına görə “Atalanta” ilə məşqdən imtina etdiyi və Berqamo təmsilçisinin italyan çalışdırıcısı Can Pyero Qasperini tərəfindən ümumi məşqlərə buraxılmadığı bildirilirdi.
Keçid “qoca sinyora”ya 54,7 milyon avro məbləğ müqabilində başa gəlib. Niderlandlı futbolçu “Yuventus”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb. O, yeni komandasında 8 nömrəli formanı geyinəcək.
Tyon Kopmeyners Niderlandın “Alkmar” klubunun yetirməsidir. Futbolçu daha sonra “Atalanta”da çıxış edib.
Kopmeynersin “Atalanta”nın heyətində çıxışının ümumi mənzərəsi 129 oyun, 29 qol, 15 məhsuldar ötürmədən ibarətdir.
Tyon Kopmeyners 2020-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 21 oyuna 2 qol və 2 məhsudlar ötürmə ilə fərqlənib.
Niderlandlı futbolçunun qənimətlər muzeyində “Atalanta” ilə qazandığı 2023/2024-cü illər mövsümünün Avropa Liqası var.

“Yuventus” mərkəz müdafiəçisi Alessandro Pio Riççio ilə də yollarını ayırıb. 22 yaşlı italiyalı futbolçu “Sampdoriya”ya keçib və yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Riççio “Yuventus”un öz yetirməsi olsa da, bu klubun əsas komandasında forma şansı qazanmayıb. Ötən mövsümü “Modena”da icarədə keçirmiş müdafiəçi, İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.
“Yuventus” digər mərkəz müdafiəçiləri Tarik Muharemoviçlə Fakundo Qonsalesi də icarəyə verib. 21 yaşlı futbolçular müvafiq olaraq “Sassuolo” və “Feyenord” tərəfindən bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüblər. Pio Riççio kimi, Tarik və Fakundo da hələ “Yuventus”un əsas komandasında debüt şansı qazanmayıblar.


