Nordi Mukiele “Bayer”ə, Odilon Kossunu “Atalanta”ya keçdi

Fransa çempionu PSJ-nin sağ cinah müdafiəçisi Nordi Mukiele bundan sonra Almaniya çempionu “Bayer”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir.

Leverkuzen təmsilçisi Mukieleni PSJ-dən icarə müqaviləsi əsasında “əczaçılar”ın düşərgəsinə qatıb. İcərə müqaviləsi 2024/2025-ci illər mövsümünün sonuna qədər hesablanıb. Müqavilədə satınalmaya dair hansısa şərt nəzərdə tutulmayıb.

Nordi Mukiele PSJ-nin yetirməsidir. Müdafiəçi karyerası ərzində “Laval”, “Monpelye” və “Leypsiq”də oynayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Mukiele PSJ-nin heyətində 20 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Nordi Mukiele 2021-ci ilin sentyabrında Fransa yığmasının heyətində debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Nordi Mukielenin qənimətlər muzeyində PSJ ilə qazandığı Fransa çempionluğu (2 dəfə), Fransa Kuboku, Fransa Super Kuboku (2 dəfə) və “Leypsiq”lə qazandığı Almaniya Super Kuboku var.

Mukieleni heyətinə qatan “Bayer” iki oyunçusunu da icarəyə verib. Leverkuzen təmsilçisi müdafiəçi Odilon Kossununu İtaliyanın “Atalanta” klubuna icarəyə verib. Berqamo təmsilçisi Kot-d’İvuar yığmasının da üzvü olan 23 yaşlı mərkəz müdafiəçisini satınalma şərti ilə icarəyə götürüb. “Atalanta” bir mövsümlük icarə üçün “Bayer”ə 5 milyon avro ödəyəcək. Transfer dəyəri 35 milyon avro qiymətləndirilən Kossununun gələn yay tamhüquqlu keçidinin neçəyə rəsmiləşəcəyini zaman göstərəcək.

Odilon Kossunu futbola ölkəsinin “ASEK Mimozas” klubunda başlayıb. O, 2019-cu ildə İsveçin “Hammarbü”, daha sonra Belçikanın “Brügge” klublarına cəlb olunub. 2021-ci ildə isə “Bayer” 23 milyon avro ödəməklə onu heyətinə qatıb. Kossunu Bundesliqa təmsilçisinin heyətində 102 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

Kossunu 2020-ci ilin oktyabrında debüt etdiyi Kot-d’İvuar yığmasında 24 oyun keçirib.

“Bayer”in mərkəz yarımmüdafiəçisi Qustavo Puerta da “Hall Siti”yə keçib. İngiltərə klubu onu bu mövsümün sonuna kimi icarəyə götürüb.

Kolumbiyanın “Boqota” klubunun yetirməsi olan Qustavo Puerta “Bayer”ə 2023-cü ilin yanvarında 2 milyon avro müqabilində cəlb olunub. 21 yaşlı futbolçu bu klubun əsas komandasında 10 oyun keçirsə də, fərqlənə bilməyib. Leverkuzen klubu kolumbiyalı oyunçunu ötən il “Nürnberq”ə də icarəyə vermişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: