Ançelotti Valverdenin “Real” üçün əhəmiyyətindən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverde haqda söhbət açıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis uruqvaylı yarımmüdafiəçinin utancaqlığı ilə bağlı sualı cavablayıb.

O, Valverdenin “Real” üçün əhəmiyyətini də vurğulayıb:

“Onun utancaq olub olmadığını bilmirəm. Valverde paltardəyişmə otağında söz sahibi olan, çiyinlərinə məsuliyyət götürən oyunçudur. Kroos və Naço kimi oyunçulardan olduq. Bununla belə, tərəqqi edənlər də var. Valverde də onlardan biridir.

Onun utancaq olduğunu düşünmürəm. Mən onu bizim üçün çox vacib futbolçu olaraq görürəm. Mən ondan məmnunam, çünki Valverde yüksək səviyyəli yarımmüdafiəçi üçün gərək olan bütün xüsuslara malikdir: güc, bacarıq, zəka. Görkəmli futbolçudur”, deyə Ançelotti vurğulayıb.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Valverde karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb.

Uruqvaylı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 5 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 263 oyun, 23 qol, 24 məhsuldar ötürmə.
Valverde “Kral klubu” ilə bütün mümkün klub yarışlarını qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 63 oyun keçirib, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverdeni transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: