Braziliya millisinin və “Əl-Hilal”ın ulduz hücuçusu Neymarla bağlı üzücü xəbər futbolçunun pərəstişkarlarını pərişan edib.
Arena.az məlumat verir ki, İspaniyanın nüfuzlu “Marca” nəşri braziliyalı ulduzun bu il yaşıl meydanlara dönə bilməyəcəyi haqda məlumat dərc edib.
Mənbənin əldə edib paylaşdığı məlumata görə, braziliyalı ulduz 2024-cü ildə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının oyunlarında iştirak etmək üçün qeydiyyatdan keçib. Amma çox güman ki, Neymarın sıraya qayıtması 2025-ci ilin yanvarından tez baş tutmayacaq. Ən yaxşı halda, braziliyalı ulduz 2025-ci ilin yanvarına qədər Asiya Çempionlar Liqasında oynaya bilər, amma bunun da ehtimalı çox azdır.
Xatırladaq ki, daha əvvəl, Neymarın cari ilin noyabrında meydana qayıdacağı haqda məlumat verilmişdi.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.
Zədədən sağalmış Neymar tibbi və fiziki testlərdən keçə bilmədiyi üçün bərpasına davam etmək zərurəti ilə üzləşib.
Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.
Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


