Rodri “Real”a keçidini istisna etmədi

Futbol üzrə İspaniya yığmasının və “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodri “Real”a keçə biləcəyi haqda söhbət açıb.

Arena.az “Todofichajes” dərgisinə istinadən, ispan “dayaqçı”nın bu barədə fikrini təqdim edir:

“Hazırda, İngiltərədəki hər şeydən razıyam. Dünyanın ən yaxşı klublarından birində oynayıram. Hələ, üç illik müqaviləm var, amma vaxtı gələndə gələcəyi düşünəcəyəm. İspaniya mənim ölkəmdir, Madrid isə mənim doğma şəhərimdir”, deyə, Rodri vurğulayıb.

Əlavə edək ki, İspaniyada Madrid deyəndə “Real” başa düşülür. Bu üzdən Rodrinin də nə vaxtsa “kral klubu”nda çıxışı istisna edilmir.

Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.

Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rodri “şəhərlilər” üçün 1 oyun keçirib, məhsudalr fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 259 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: