Luis Kastro Kristiano Ronaldonun komandasından qovuldu

Kristiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının baş məşqçisi Luis Kastro istefaya göndərilib.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

“Əl-Nəsr” 63 yaşlı portuqal mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini diqqətə çatdırıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Təcrübəli mütəxəssis son dövrlərdəki uğursuz nəticələrə görə vəzifəsindən qovulub. “Əl-Nəsr” bu mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 3 oyuna 1 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Asiya Çempionlar Liqasındakı ilk oyununda da heç-heçə ilə kifayətlənib.

Portuqaliyalı çalışdırıcı 2023-cü ildən Asiya təmsilçisinə rəhbərlik edirdi. O, bu müddət ərzində komandanı 54 oyuna çıxarıb, 36 qələbə, 9 heç-heçə və 9 məğlubiyyət görüb.

Luis Kastro əvvəllər “Əl-Dühail”, “Şaxtyor” (Donetsk), “Vitoriya” (Gimaraynş), “Şaveş”, “Rio Ave”, “Portu”, “Penafiel”, “Botafoqo” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, karyerası ərzində Ukrayna çempionluğunu, həmçinin “Əl-Dühail”lə Qətər Əmirinin Kubokunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: