Türkiyənin “Kocaelispor” klubunun gürcüstanlı yarımmüdafiəçisi Georgi Xaraişvili bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında 1+2 illik müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçi yeni komandasında 12 nömrəli formada çıxış edəcək.
Georgi Xaraişvili Gürcüstanın “Saburtalo” klubunun yetirməsidir. İsveçdə “Göteborq”un, Macarıstanda “Ferentsvaroş”un da uğurları üçün çalışmış yarımmüdafiəçi ötən mövsümü Tiflis “Dinamo”sunda icarədə keçirib. Bu ilin fevral ayından “Kocaelispor”da çıxış edən Xaraişvili sözügedən komandanın heyətində 9 oyuna çıxsa da, fərqlənə bilməyib.
Gürcüstanın U-16, U-17, U-19 və U-21 yığmalarında da oynamış Georgi, 2017-ci ilin yanvarında əsas millidə debüt edib. O, yığmada 6 oyun keçirib, 1 qol vurub.
“Sumqayıt” daha öncə Rəhim Sadıxov (“Zirə”), Fernando Medeyros (“Eqnatiya”, Albaniya), Slavişa Radoviç (“Sarayevo”, Bosniya və Herseqovina), Nikola Vuynoviç (“Qoritsa”, Xorvatiya), Sərtan Taşkın (“Manisa”, Türkiyə), Silvanus Nimeli (“Surxon Termez”, Özbəkistan), Alan Dias (“Lokomotiv”, Sofiya, Bolqarıstan) və Miloş Miloviçi (“Çindao Haynyu”, Çin) də heyətinə qatmışdı. Amma Slavişa Radoviç qısa müddət sonra komandadan göndərilmişdi. Bu yay Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata, Kamran Əliyev və Kazimir Ninqa da “Sumqayıt”ı tərk edib.


