Fransisko Kalvo yenidən Türkiyə Super Liqasında

Kosta Rika yığmasının və Meksikanın “Xuares” klubunun mərkəz müdafiəçisi Fransisko Kalvo bundan sonra “Hatayspor”un formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı müdafiəçi Super Liqa təmsilçisinə azad agent kimi keçib. O, yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Fransisko Kalvo bu ilin yanvar ayından “Xuares”də çıxış edirdi. O, sözügedən kluba Türkiyənin “Konyaspor” komandasından ayrılaraq keçmişdi. Müdafiəçi Meksika klubunun heyətində 20 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Kalvo karyerası ərzində “Erediano”, “Peres-Seledon”, “Nordyelland”, “Santos de Quapiles”, “Saprissa”, “Minnesota Yunayted”, “Çikaqo Fayr”, “San Xose Ertkveyks” kimi klublarda da çıxış edib.

Təcrübəli müdafiəçi 2011-ci ilin iyul ayında debüt etdiyi Kosta Rika yığmasında 98 oyuna çıxıb, 13 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

“Hatayspor”un Bosniya və Herseqovinadan olan mərkəz yarımmüdafiəçisi Armin Hodziç isə “Manisa”ya keçib. Manisanın eyniadlı təmsilçisi 24 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.

Armin Hodziç Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunun yetirməsidir. O, “Alkorkon”, “Eştoril”, “Jelezniçar” kimi klubların da şərəfini qoruyub. 2023-cü ilin yayından “Hatayspor”da forma geyinən yarımmüdafiəçi Super Liqa təmsilçisinin heyətində 29 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Bosniya və Herseqovinanın U-18 və U-21 yığmalarında oynamış futbolçuya əsas millidə debüt şansı verilməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 550 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: