Motta: “Vlahoviçin işindən çox razıyam”

“Yuventus”un baş məşqçisi Tyaqo Motta Turin klubunun serbiyalı hücumçusu Duşan Vlahoviçin çıxışını qiymətləndirib.

Arena.az braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Son oyunda Vlahoviç həm müdafiədə, həm də hücumda əla oynadı və komanda yoldaşlarına fürsətlər yaratdı. Mən onun işindən çox razıyam. Duşan eyni ruhda davam etməlidir”, deyə Motta vurğulayıb.

Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”da çıxışları ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun “Yuventus”dakı ümumi karyerası 106 oyun, 43 qol və 10 assistdən ibarətdir.

Vlahoviç “Yuventus”la 2023/2024 mövsümündə İtaliya Kubokunun qalibi olub.

Duşan Vlahoviç 2020-ci ilin oktyabrında debüt etdiyi Serbiya yığmasının heyətində 30 oyuna 13 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: