Əslən Yamaykadan olan ingiltərəli sağ cinah müdafiəçisi Djed Spens İngiltərənin “Tottenhem” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 24 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilə 2027-ci ilin yayında bitəcəkdi. Amma klub rəhbərliyi Spensin müqaviləsini daha yaxşı şərtlərlə və müddəti artırmaqla yeniləyib.
Djed Spens İngiltərənin “Fulhem” klubunun yetirməsidir. O, karyerası ərzində “Boro”, “Midlsbro”, “Nottingem Forest” kimi klubların da formasını geyinib.
“Tottenhem” Spensi 2022-ci ilin iyul ayında “Midlsbro”dan 14,7 milyon avro müqabilində transfer edib. Müdafiəçi cari mövsümdə bu komandanın heyətində 4 oyuna çıxıb, 1 qol vurub. Spensin “Tottenhem” karyerası bütövlükdə 10 oyun və 1 qoldan ibarətdir.
Xatırladaq ki, “Tottenhem” Spensi əvvəlki mövsümlərdə Fransanın “Renn”, İngiltərənin “Lids”, İtaliyanın “Cenoa” klublarına icarəyə də verib.
Spens vaxtilə İngiltərənin U-21 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


