“Mançester Siti”nin braziliyalı əsas qapıçısı Ederson baş məşqçi Xosep Qvardiolanın bu klubdan mümkün ayrılığı barədə danışıb.
Arena.az xəbər verir ki, hazırda Britaniya mətbuatında Qvardiolanın cari mövsümün sonunda bu klubdan ayrılacağına dair çoxsaylı xəbərlər dolaşmaqdadır.
Ederson da məhz bununla bağlı fikirlərini bölüşüb. Braziliyalı qapıçı əmindir ki, ispan mütəxəssis klubu tərk edəcəyi təqdirdə, “şəhərlilər”in rəhbərliyi kimin komandanın baş məşqçisi olacağına artıq qərar verib:
“Mançester Siti” çox yaxşı qurulmuş bir klubdur, əla direktorlar tərəfindən yaxşı idarə edilir. Əminəm ki, artıq klubun növbəti məşqçiyə namizədi də var. “Pep” ayrılmaq qərarına gəldiyi gün “Mançester Siti” eyni ruhda davam etməyə çalışacaq”, deyə braziliyalı qolkiper əminliklə vurğulayıb.
Qeyd edək ki, Xosep Qvardiola “Mançester Siti”dəki gələcəyi ilə bağlı yekun qərarı hələ verməyib, “Pep”in “şəhərlilər”lə cari müqaviləsi isə 2024/2025-ci illər mövsümünün sonuna qədər qüvvədədir.
Bu arada, “Mançester Siti”nin “Bayer”in ispan çalışdırıcısı Xabi Alonsonu Xosep Qvardoladan sonra “şəhərlilər”in baş məqşçisi vəzifəsinə gətirməyə çalışdığı haqda məlumat yayılıb.
Vurğulayaq ki, Xabi Alonso “Real”ın da strateji hədəfidir.
Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 483 oyun keçiriblər, 357 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1227:435 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.


