Canni De Byazi: “Səhvlər bizə baha başa gəlir”

Futbol üzrə Azərbaycan millisinin baş məşqisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis 1:2 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

  • Güclü rəqibə qarşı oynayırdıq. Çempionatın bombardiri Namiq Ələsgərov niyə bu matçda yox idi? Azərbaycanda bombardir olmaqla beynəlxalq səviyyədə oynamaq fərqlidir. İkinci hissədə yeni hücumçular meydana buraxdım. Təəssüf ki, Mahir Emrelinin zədələnməsi planlarımızı pozdu.
  • Bu nəticədən sonra əhvalınız necədir?
  • Özümü yaxşı hiss edirəm. Nəticəyə görə bir az narahatam. Başqa nəticəyə layiq idik. Rəqibin hücumçusu Aleksandr Mitroviç 3 oyunda 5 qol vurub. Bu gün iki zərbə vurdu, hər ikisi qolla nəticələndi. Bizim isə 4 qol epizodumuz oldu, ancaq yararlana bilmədik. Fərq də buradadır. Futbolçularıma oyundan sonra təşəkkür etdim. Çünki çox güclü komanda ilə oynayırdıq. Bəzən səhvlər bizə baha başa gəlir, bu oyunda olduğu kimi. Amma irəliləməkdə, inkişaf etməkdə davam edəcəyik.
  • Reallıq budur ki, seçmə mərhələnin ilk iki oyununda xal qazana bilmədik. Yaxın gələcək üçün azarkeşlərə ümidverici nəsə deyə bilərsiniz?
  • Kim oyunlarımıza baxsa, görər ki, pozitiv hallar çoxdur. Güclü rəqiblərlə oynadıq. Bu gün son 10 dəqiqədə uduzduq.
  • Sizdən əvvəlki baş məşqçi Emin Mahmudovu milliyə dəvət etmirdi və bildirirdi ki, sisteminə uyğun deyil. Sizin Namiq Ələsgərovla bağlı narazılığınız nədir?
  • Bütün oyunçuların klubdakı çıxışına da, məşqlərinə də baxıram. Deyə bilmərəm ki, Namiqi kənara atmışam. Onunla bağlı böyük ümidlərim var. Sadəcə, bu gün fiziki cəhətdən güclü rəqiblə oynayırdıq. Bu görüş ona görə deyildi. Ümid edirəm ki, gələcək matçlarda bizə köməyi dəyəcək.
  • Anatoli Nuriyevin meydandan çıxarkən sizə nə deyirdi?
  • Özü əvəzlənmək istədi. Hətta dedi ki, Azər Salahlı da əvəzlənmək istəyir. Nuriyev komanda oyunçusudur.
  • İstədiyiniz komandanı formalaşdırmaq və final mərhələsinə daşımaq üçün nə qədər vaxt lazımdır?
  • Albaniya ilə Avropa çempionatına çıxmaq üçün 4 il vaxt lazım oldu. İlk iki ildə komandanı qurduq. Sonra Serbiya, Danimarka və Ermənistanı geridə qoyaraq Avropa çempionatına yollandıq.
  • Dörd ildən sonra milli üzvləri rəqibdən utanmadan meydana çıxıb mübarizə apara biləcəklər?
  • Bu gün yaxşı oynadığımızı fikirləşirəm. Güclü komandaya qarşı fiziki cəhətdən yaxşı mübarizə apardıq. Düz yoldayıq. Bilirəm ki, asan deyil. Asan iş də xoşuma gəlmir. Görürəm ki, uşaqlar da yavaş-yavaş məni başa düşürlər. Fiziki durumumuz da yaxşı olacaq. Altı gün əvvəl Portuqaliya ilə oynadıq. Bu gün ikinci hissədə bəzi oyunçuların gücü çatmırdı.
  • Bu oyun fəlsəfəsinə bundan sonra da sadiq qalacaqsınız? Bundan əvvəlki seçmə mərhələdə 5 xal topladıq. Bu dəfə maksimum hədəfiniz nədir?
  • Yaxşı sualdır, hətta gülmək istəyirəm. Dünən uşaqlarla bu barədə danışdım. Dedim ki, reytinq baxımından qrupda 5-ciyik. Burada qalmaq istəyirik? Əgər dəyişmək istəyiriksə, heç nədən qorxmamalıyıq, sona kimi mübarizə aparmalıyıq. Bu gün ilk hissədə ev tapşırığından qol vura bilərdik. Fikirləşirəm ki, bu fəlsəfə ilə davam edəcəyik. Rəqiblərimizin oyunçularının çoxu Avropanın aparıcı klublarında çıxış edir. Bizdə təkcə Nuriyevdir, o da Ukraynanın 13-cü komandasındadır.
  • Fərid Nəbiyev adlı futbolçudan xəbərdarsınız?
  • Bəli, tanıyıram. Çexiyanın ikinci liqasında oynayır. Amma indi milliyə çağırdığımız oyunçular ondan daha hazırdır.
  • Qeyd etdiniz ki, cəmi 1 legionerimiz var. Eddi İsrafilov, Dmitri Nazarov kimi oyunçuların üstündən birdəfəlik xətt çəkildi?
  • Hazırda daha çox bizim çempionatda olanları çağırırıq. Çünki onlarla işləmək daha asan olar. Gənc komandayıq, formalaşırıq. Çalışırıq ən doğru yolda gedək. Son illər millidə nəticələr yaxşı deyil. Bu tendensiyanı dəyişməyə çalışacağıq.
  • Aleksey İsayev debüt oyunundan sonra erməni şəxsin paylaşımına “qardaşım” yazıb. İctimaiyyətin fikrini nəzərə alıb, onu bir daha dəvət etməyəcəksiniz?
  • O özü də başa düşür ki, çox böyük səhv edir. Ona görə də sildi. İsayevi buna görə öldürməyə dəyməz. Əsas odur ki, səhvini başa düşdü.
  • Albaniyalı futbolçularda hansı müsbət xüsusiyyət var idi ki, bizimkilərdə yoxdur?
  • Bəzi səbəblərdən 90-cı illərdə çoxlu albaniyalı Avropaya köçmüşdü. Mən yeni gələndə vəziyyət yaxşı deyildi. Azarkeşlər də heç arzulamırdılar ki, Avropa çempionatına çıxaq. Amma bizdə bu alındı.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: