Voleybol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verildi

Bu gün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş voleybol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib.

Arena.az xəbər verir ki, yarış həm qadın, həm də kişi komandaları arasında keçirilir.

Əvvəlcə qadınların mübarizəsinə start verilib. Bu gün Xaçmazda və Gəncədə təşkil olunan kubokun ilk oyunları gərgin və maraqlı keçib.

Xaçmaz Olimpiya İdman Kompleksinin B qrupunda mübarizə aparan “Abşeron” və “Murov”, Gəncə İdman Sarayında isə A qrupunda çıxış edən “Gəncə” və “Azərreyl” komandaları üz-üzə gəliblər.

Kubokun Xaçmazda baş tutan ilk qarşılaşması gərgin mübarizə şəraitində keçib. “Murov”un ciddi müqavimətinə baxmayaraq, Famil Ağayevin yetirmələri bu oyundan 3:0 hesabı ilə qalib ayrılıblar.

Gəncədə baş tutan yerli komanda ilə son ölkə çempionu “Azərreyl”in görüşündə də 3 set qeydə alınıb. İlk hissədən təşəbbüsü ələ alan “Gəncə” 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qadın voleybolçuların ölkə kubokunda növbəti qarşılaşmalar oktyabrın 28-də Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Həmin gün A qrupunda mübarizə aparan “Gəncə” UNEC-lə, B qrupunda yer alan “Abşeron” isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək.

Kişilər arasında təşkil olunmuş Azərbaycan Kuboku isə sabah (26 oktyabrda) start götürəcək.

Azərbaycan Kuboku, qadınlar
25 oktyabr

A qrupu
“Gəncə” – “Azərreyl” 3:0 (25:20, 25:23, 25:18)

B qrupu
“Abşeron” – “Murov” 3:0 (25:23, 26:24, 25:19)

Xəbəri sosial şəbəkələrdə paylaş: