Bir neçə gün öncə Erik ten Haqı istefaya göndərmiş “Mançester Yunayted”i bundan sonra böyük ehtimalla Ruben Amorim çalışdıracaq.
Arena.az xəbər verir ki, portuqal mütəxəssis qışda “Sportinq”i tərk etməyə hazır deyil, amma Amorimin 2026-cı ilə qədər qüvvədə olan müqaviləsində 2024/2025-ci illər mövsümünün sonunda xitam maddəsi var.
Vurğulanır ki, İngiltərə nəhəngi bu fürsəti öz xeyrinə çevirməyə çalışır. Son məlumatlara görə, “Mançester Yunayted” portuqal mütəxəssisin “qırmızı şeytanlar”a baş məşqçi təyin edilməsinə görə, Lissabon “Sportinq”i ilə razılığa gəlib. İngiltərə nəhəngi Lissabon klubuna 11 milyon avro məbləğində təzminat haqqı ödəyəcək. Keçid müqabilində təxminən 10 milyon avro məbləğində, portuqal mütəxəssisin “Sportinq”lə uzunmüddətli müqaviləsinin ləğvinə görə isə 1 milyon avro məbləğdən azacıq artıq ödəniş nəzərdə tutulub.
Hazırda “Mançester Yunayted” və “Sportinq” Amorimin müqaviləsində nəzərdə tutulmuş xəbərdarlıq müddətini (şəxsin rəsmi olaraq istefasından əvvəl, işləməyə mükəlləf olduğu müddət) müzakirə edirlər. Müvafiq xəbərdarlıq müddəti bir neçə həftəni ehtiva edə bilər. Bu səbəbdən Amorimin yaxın günlərdə “qırmızı şeytanlar”a baş məşqçi təyin edilməsi mümkün olmayacaq. Bu üzdən də Amorim “Sportinq”i hələ daha 3 oyuna çıxaracaq. Oynlardan biri UEFA Çempionlar Liqasında “Mançester Siti”yə qarşı noyabrın 10-da keçiriləcək oyundur.
Bununla belə, klublar müqavilənin vaxtından əvvəl ləğvi barədə də razılığa gələ bilərlər ki, bunun sayəsində Amorim “Sportinq”i dərhal tərk edə biləcək. Belə olan halda o, İngiltərə Premyer Liqasının 10-cu turunun “Çelsi” ilə noyabrın 3-də keçiriləcək ev oyununda “Mançester Yunayted”i meydana baş məşqçi olaraq çıxara bilər.
Amorim danışıqların getdiyini təsdiqlədi
Bu arada Amorim tezliklə “Mançester Yunayted”i çalışdıracağı ilə bağlı yayılmış məlumatı cavablayıb. Portuqal mütəxəssisin bu barədə cavabını təqdim edirik:
“Heç nəyə qərar verilməyib. Bilmirəm, bu vida oyunudurmu. Bazar günü “Old Trafford”da olacağammı? Mən burada, “Sportinq”də olacağam”.
Portuqal çalışdırıcısı aqibəti ilə bağlı klublar arasında gedən danışıqlara da münasibətini açıqlayıb:
“Bunlar iki klub arasında danışıqlardır. Bu qəbildən xüsuslar, hətta sərbəstqalma haqqında maddələrin müzakirəsini də nəzərə alsaq, həmişə çətindirlər. Onlar hər şeyi müzakirə etməlidirlər. Yəqin ki, qarşıdakı günlərdə hər şey məlum olacaq.
İngiltərə çempionatında mənim nə xoşuma gəlir? Hər şey”, – “Evening Standard” dərgisi Ruben Amorimdən sitat gətirir.
Xatırladaq ki, niderlandlı mütəxəssis Erik ten Haqı istefaya göndərmiş “qırmızı şeytanlar”, komandanın sükanını Ten Haqını həmvətəni və köməkçisi Rud van Nistelroya müvəqqəti olaraq həvalə ediblər.


