Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Portuqaliya və Serbiya ilə oyunları şərh edib.
Arena.az xəbər verir ki, 65 yaşlı mütəxəssis Albaniya mətbuatına açıqlamasında öncə bunları söyləyib:
“Azərbaycan millisi ilə bağlı əlavə nə isə deməyə ehtiyac görmürəm. Çünki açıq şəkildə bildirdim ki, bu ölkənin Albaniya yığmasının üzvləri kimi güclü çempionatlarda oynayan futbolçuları yoxdur. Şübhəsiz, bu, çox böyük önəm daşıyır”.
İtaliyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində çətin qrupa düşdüklərini bildirib: “Həqiqətən ağır qrupdur. Çünki Portuqaliya və Serbiya ilə oynamaq asan deyil. Digər tərəfdən, bəxtimiz gətirmədi. Portuqaliya ilə görüşdə öz qapımıza qol vurduq. Serbiya ilə matçda isə son dəqiqələrdə buraxdığımız qolla uduzduq. Amma mən komandada irəliləyiş görürəm. Bu, daim inkişafa can atan kollektivdir və gələcəyə inamımız var”.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində A qrupunda mübarizə aparan Azərbaycan millisi Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq görüşü də yığmamızın məğlubiyyəti ilə başa çatıb – 1:2. DÇ-2022-yə ev sahibliyi edəcək Qətər, millimizin qrupunda müsabiqədənkənar şəkildə mübarizə aparır.
Canni De Byazi 2020-ci ilin yayında Azərbaycan yığmasına baş məşqçi təyin olunub. O, 2011-2017-ci illər aralığında Albaniya millisini də çalışdırıb. İtalyan məşqçinin çalışdırdığı kollektivlər arasında “Alaves”, “Udineze”, “Torino”, “Levante”, “Breşiya”, “Modena”, SPAL, “Karpi” kimi klublar da var.


