Qabriel Paulista əməliyyat olundu – azı 2 ay oynamayacaq

Türkiyənin “Beşiktaş” klubunun braziliyalı mərkəz müdafiəçisi Qabriel Paulista yenidən ciddi zədə alaraq uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu Avropa Liqanın Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş “Makkabi” (Təl-Əviv, İsrail) ilə görüşdə (1:3) sol ayağından ağır zədə almışdı. 20-ci dəqiqədə zədələnən braziliyalı futbolçu əvəzlənmək məcburiyyətində qalmışdı.

Ətraflı müayinələrdən sonra onun əməliyyat olunmasına qərar verilib. Paulistanın tam sağalması üçün azı iki ay lazım olduğu bildirilir.

Xatırladaq ki, bu, Paulistanın “Beşiktaş”da aldığı ikinci ağır zədədir. O, Türkiyə Super Liqasının cari mövsümünün 8-ci turunda “Qaziantep”lə görüşdə (1:1) də ayaq əzələsindən zədələnmişdi. O, həmin dövrdə də təxminən bir aya yaxın komandasına kömək edə bilməmişdi.

“Beşiktaş” Qabriel Paulistanı cari mövsümün əvvəlində Madrid “Atletiko”sundan transfer edib. Təcrübəli oyunçu “qara qartallar”ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Paulistanın İstanbul klubu ilə 3 illik müqaviləsi var.

Xatırladaq ki, Qabriel Paulista bu ilin yanvarında “Valensiya”dan İspaniyanın digər klubu “Atletiko”ya keçmiş və yarım mövsümlük müqavilə bağlamışdı. O, Madrid təmsilçisinin heyətində cəmi 5 matça çıxıb. Braziliyalı futbolçu karyerası ərzində “Vitoriya”, “Vilyarreal”, “Arsenal”, “Valensiya” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: