Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və “Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybulayev Premyer Liqa klubundan ayrılıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Gürcüstanın “Samtrediya” klubuna keçib.
Bu barədə həm Gürcüstan təmsilçisi, həm də Azərbaycan klubu rəsmi məlumat yayıb. Xəbərdə bildirilir ki, futbolçunun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub.
Müqaviləyə əsasən, yarımmüdafiəçi Gürcüstan təmsilçisində icarə əsasında çıxış edəcək. İcarə müqaviləsinin müddəti bu ilin dekabr ayının sonuna kimidir.
Xatırladaq ki, Abdulla Xaybulayev Rusiyanın “Anji” klubunun yetirməsidir. Dağıstanın Xasavyurd şəhərində anadan olmuş futbolçu 2019-cu ilin iyul ayından “Sabah”ın sıralarındadır. Daha öncə paytaxt klubunun U-19 komandasında və əvəzedicilərində oynamış futbolçu, əsas komandada 2021-ci ilin aprel ayında debüt edib. O, əsas komandada meydana çıxdığı 19 oyunda 3 məhsuldar ötürmə müəllifi olub.
Abdulla Azərbaycanın U-21 yığmasında da forma geyinib. O, millidə 3 oyuna çıxıb və 1 qol vurub.


