Abdullah Zubir Avroliqada həftənin ən yaxşı oyunçusu seçildi!

“Qarabağ”ın vingeri Abdullah Zubir Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Zubir buna Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri səfər matçında vurduğu 2 qol, həmçinin 1 məhsuldar ötürmə nail olub. Ağdam klubunun əslən Mərakeşdən olan fransalı sol cinah vingeri Braqadakı oyunda 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Abdullah Zubir Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adı uğrunda səsvermədə İtaliyanın “Milan” klubunun ingilis yarımmüdafiəçisi Ruben Loftus-Çiki, Türkiyə təmsilçisi “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardini və Portuqaliya “Benfika”sının argentinalı ulduzu Anxel Di Mariyanı qabaqlayıb.

Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Bu ada Norveçin “Bodo Qlimt” komandasının danimarkalı yarımmüdafiəçisi Albert Qronbaek layiq görülüb. O, buna Niderland nəhəngi “Ayaks”la səfər matçında (2:2) dubla imza atmaqla nail olub.

Konfrans Liqasında həftənin ən yaxşısı adına Avstriyanın “Şturm Qraz” klubunun sloveniyalı yarımmüdafiəçisi Tomi Horvat, Belçikanın “Yunion” komandasının norveçli yarımmüdafiəçi Matias Rasmussen və “Molde”nin (Norveç) norveçli hücumçusu Fredrik Qulbrandsen də namizəd idi.

UEFA Çempionlar Liqasında da həftənin ən yaxşı oyunçusu bəlli olub. İngiltərə çempionu “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin de Bröyne ÇL-də bu həftənin ən yaxşı oyunçusu elan edilib. O, Danimarka “Kopenhagen”inə 3:1 hesabıyla qalib gəldikləri səfər oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

De Bröyne səsvermədə İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Matteo Genduzini, PSJ-nin (Fransa) ulduz hücumçusu Kilian Mbappeni və Madrid “Real”ında (İspaniya) forma geyinən Brahim Diası geridə qoyub.

Xəbəri sosial şəbəkələrdə paylaş: