Abdullah Zubir: “Nəticə yaxşıdır, amma bu, son deyil”

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, mərakeşəsilli fransalı futbolçu dubla imza atdığı və 4:2 hesablı qələbəyə sevindikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları dilə gətirib:

“Bura qələbə üçün gəlmişdik. Nəticə yaxşıdır, amma bu, hələ son deyil. Cavab oyununda daha yaxşı oynayıb, yenə qələbə qazanmağa çalışacağıq”.

Dubl etdiyi üçün xoşbəxt olduğunu bildirən Abdullah Zubir cavab matçından da gözləntilərini dilə gətirib:

“İki qol vurduğum üçün xoşbəxtəm, amma əsas komandanın nəticə qazanmasıdır. Bakıdakı oyun daha çətin olacaq. Onlar da qələbə üçün gələcəklər. İki top fərqiylə üstünlüyümüz var. Maksimum diqqətli olmalıyıq. Növbəti həftəyə qədər vaxtımız var, hazırlaşacağıq. Böyük turnirdə böyük komandaya qarşı oynayacağıq. Cavab matçında ehtiyatlı olmalıyıq”.

“Qarabağ”ın 4:2 hesabı ilə qalib gəldiyi görüşdə qollardan birinin müəllifi olan Olavio Juninyo da matçla bağlı fikirlərini bölüşüb. Braziliyalı hücumçu bunları söyləyib:

“Çox xoşbəxtik. Buraya müsbət nəticə qazanmağa gəlmişdik. Hər şey istədiyimiz kimi alındı. Cavab oyununa köklənəcəyik.

Açığı, bu hesabı gözləmirdim. Amma qələbə qazanacağımızı bilirdim. Bakıda azarkeşlərimizin qarşında eyni istəklə oynayacağıq və növbəti qələbə üçün meydana çıxacağıq”.

Xatırladaq ki, Ağdam təmsilçisinin bu matçdakı digər qolunu da penaltidən dəqiq yararlanmış Marko Yankoviç vurub.

“Qarabağ”la “Braqa” arasındakı cavab görüşü fevralın 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Oyuna saat 21:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: