“Aberdin” Şotlandiya Kubokunda 2024/2025-ci illər mövsümünün final oyununda “Seltik”i məğlub edərək, qənimətə sahib olub.
Arena.az məlumat verir ki, sözügedən komanda 1:1 hesabı ilə başa çatmış dramatik oyunun penaltilər silsiləsində 4:3 hesabı ilə qələbə qazanıb.
Bu, “Aberdin”in Şotlandiya Kubokunda 8-ci qalibiyyətidir. Buna qədər “qırmızılar” 1946/1947, 1969/1970, 1981/1982, 1982/1983, 1983/1984, 1985/1986, 1989/1990-cı illər mövsümlərində Şotlandiya Kubokunun qalibi olublar.
Qalibiyyət bu komandaya 2025/2026-cı illər mövsümünün Avropa Liqasının ələmə mərhələsindən mübarizəyə qoşulmağa imkan verib.
Əlavə edək ki, Şotlandiya Kubokunu ən çox qazanmış klub “Seltik”dir. “Yoncalar” 62 dəfə iştirak etdikləri finalların 42-də qəniməti qazanıblar.


