Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti və sonuncu oyununa çıxıb.
Arena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv F qrupundakı 8-ci sınağında Beçlika yığmasının qonağı olub.
Brüsseldəki “King Baudouin Stadium”da baş tutan oyunu Macarıstandan olan FIFA referisi Gerqo Boqar idarə edib.
Xatırladaq ki, Azərbaycan millisi Belçika yığmasına qarşı ilk oyununu sentyabr ayında Bakıda keçirmiş və 0:1 hesabıyla məğlub olmuşdu. Komandamıızın güclü rəqiblə səfər oyunundakı şansları yüksək qiymətləndirilmirdi. Amma belçikalıların Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdiyini və yığmamız üçün də itiriləcək heç nəyin qalmadığını nəzərə alsaq, sürpriz nəticənin qeydə alınması istisna edilmirdi. Baxmayaraq ki, belçikalıların son oyunda qələbə qazanmaqla qrup mərhələsini lider kimi başa vurmaq istəyi də vardı.
Millimiz bu seçmə mərhələdə Avstriya yığmasına səfərdə 1:4, evdə 0:1, İsveç seçməsinə isə səfərdə 0:5 hesabıyla uduzub. Üç gün öncə Bakıda məhz İsveçlə görüşdə millimiz sürprizə imza ataraq 3:0 hesablı qələbəyə sevinmişdi. Komandamızın Estoniya ilə oyunları da uğurlu alınmışdı. Bu rəqiblə Bakıdakı oyunumuz 1:1 hesabıyla bitmişdi. Tallindəki qarşılaşmada isə yığmamız 2:0 hesablı qələbəyə sevinmişdi.
Təəssüf ki, Belçika ilə səfər oyunu komandamız üçün uğursuz alınıb. Artıq 17-ci dəqiqədə rəqib komandanın lideri Romelu Lukaku oyunda hesabı açıb. 24-cü dəqiqədə Eddi İsrafilov ardıcıl ikinci sarının ardından qırmızı vərəqə ilə meydandan qovulub və yığmamızı azlıqda qoyub. Belədə əl-qolu daha da açılan meydan sahibləri fasiləyə qədər elə Lukakunun vurduğu qollarla hesabı 4:0 ediblər. Matçın son dəqiqəsində belçikalılar daha bir qol vurublar və millimiz son oyunda ağır məğlubiyyətə üzülüb.
Bu gün yığmamızın qrupunda İsveç – Estoniya oyunu da baş tutub. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Avstriya yığması üçün isə seçmə mərhələ daha öncə başa çatmışdı.
Beləliklə, Azərbaycan yığması bu seçmə mərhələni 7 xalla 4-cü pillədə başa vurub.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
19 noyabr
Belçika – Azərbaycan 5:0
Qollar: Romelu Lukaku, 17; 26; 30; 37. Leandro Trossard, 90.
Qırmızı vərəqə: Eddi İsrafilov, 24 (ikinci sarı)
Baş hakim: Gerqo Boqar (Macarıstan).
Yan xətt hakimləri: Teodoros Georgiu, Balaş Salai (Macarıstan).
Dördüncü hakim: Ferents Karako.
Brüssel. “King Baudouin Stadium”.
Belçika: 12. Koen Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen (16. Amin Əl-Daxil, 84), 21. Timoti Kastan, 3. Artur Teat (22. Aleksis Salemakers, 60), 18. Orel Manqala, 6. Aster Vranks (8. Yuri Tilemans, 46), 9. Leandro Trossard, 19. Yohan Bakayoko (11. Yannik Karrasko, 59), 7. Jeremi Doku, 10. Romelu Lukaku (k) (17. Lua Openda, 46).
Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 20. Artur Vermeeren, 23. Miçi Batşuayi.
Baş məşqçi: Domeniko Tedesko.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev (21. Qismət Alıyev, 46), 5. Anton Krivotsyuk, 2. Rahil Məmmədov, 6. Höccət Haqverdi, 17. Toral Bayramov, 20. Aleksey İsayev (7. Coşqun Diniyev, 46), 8. Emin Mahmudov (k) (16. Elvin Camalov, 77), 14. Eddi İsrafilov, 9. Renat Dadaşov (11. Rüstəm Əhmədzadə, 64), 10. Mahir Emreli (19. Nəriman Axundzadə, 46).
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Rəşad Əzizli, 4. Cəlal Hüseynov, 13. Turan Manafov, 15. Amin Seydiyev, 18. Ozan Can Kökcü, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Xal: Belçika – 20. Avstriya – 19. İsveç – 10. Azərbaycan – 7. Estoniya – 1.


