Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Arena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv F qrupundakı 7-ci sınağında İsveç yığmasını qəbul edəcək.
Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu İsveçrədən olan FIFA referisi Ester Staubli idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi yer aldığı F qrupundakı ən ağır məğlubiyyətini məhz İsveç yığmasından alıb. Komandamız bu rəqibinə səfərdə 0:5 hesabıyla məğlub olmuşdu. İndi yığmamız həmin yenilgisinin qisasını doğma meydanda baş tutacaq oyunda almağa çalışacaq.
Millimiz bu seçmə mərhələdə Avstriya yığmasına səfərdə 1:4, evdə 0:1 hesabıyla uduzub. Belçika yığmasıyla da Bakıdakı görüşdə minimal hesablı məğlubiyyətə üzülmüşük – 0:1. Seçmə mərhələdəki son matçımız məhz bu rəqiblə səfərdə olacaq. Komandamız hələlik yeganə heç-heçəsini və qələbəsini Estoniya ilə oyunlarda əldə edib. Bu rəqiblə Bakıdakı oyunumuz 1:1 hesabıyla bitmişdi. Tallindəki qarşılaşmada isə yığmamız 2:0 hesablı qələbəyə sevinmişdi.
Millimiz kimi, İsveç yığması da Avropa çempionatının final mərhələsinə vəsiqə şansını itirib. Amma bu komanda ən azı qrup üçüncülüyü qorumağa çalışacaq. Azərbaycan yığması isə son iki oyunda xallar qazanmaqla İsveçi qabaqlamaq şansına malikdir. Bunun üçün ilk növbədə İsveç yığmasını Bakıdan məğlub yola salmaq əsas şərtdir. Belə ki, isveçlilərin hazırda 7, Azərbaycan millisinin isə 4 xalı var.
Bu gün yığmamızın qrupunda Estoniya – Avstriya oyunu da baş tutacaq. Noyabrın 19-da Azərbaycan millisini qəbul edəcək Belçika yığması isə bu turda istirahət edir.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
16 noyabr
21:00. Azərbaycan – İsveç
Baş hakim: Ester Staubli (İsveçrə)
Baş hakinin köməkçiləri: Yonas Erni, Susanna Künq (hər ikisi İsveçrə).
Dördüncü hakim: Mirel Turkes (İsveçrə)
VAR: Lukas Fandrix (İsveçrə)
AVAR: Lionel Çudi (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Xal: Belçika – 17. Avstriya – 16. İsveç – 7. Azərbaycan – 4. Estoniya – 1.


