AÇ-2024: Nagelsman Almaniya millisinin iddialarını açıqladı

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman bundestimin qarşıdan gələn Avropa çempionatındakı (AÇ-2024) iddialarından danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Sağlam iddialarımız var: qalib gəlmək istəyirik. Eynisi bütün digər yarışlara da aiddir. Avropa çempionatını qazanacağımıza dair yüksək səslə bəyanatlar vermək bizim üçün ən yaxşı seçim deyil. Düşünürəm ki, bu, hər bir komandanın məqsədidir, əks halda niyə bu qədər səy göstərib Avropa çempionatına vəsiqə qazansınlar ki? Yarışda iştirak edən hər bir komanda qalib gəlməyə çalışacaq.

Əlbəttə, biz də qızıl arzulayırıq. Varımız olanı versək, bu, baş verə bilər. Bütün digər komandalarda olduğu kimi, çox şey üst-üstə düşməlidir. Heç kim qələbəyə əvvəlcədən əmin ola bilməz. Artıq son illərdəkindən daha yaxşı çıxış edəcəyimizə dair gözləntilər var və azarkeşlərimiz doğma meydanda keçiriləcək yarışı səbirsizliklə gözləyirlər.

Bu imtahana hazır olacağıq. Bu, böyük bir işdir, çətin olacaq, amma belə bir fürsət mütəmadi düşmür. Almaniya tarixində ikinci dəfədir ki, Avropa çempionatına ev sahibliyi edir. Futbolçuların və mənim, məşqçinin Avropa çempionatında çıxış etmək üçün müstəsna imkanımız var. Əlbəttə, təzyiqsiz keçinməyəcəyik, amma sevinc daha çox olacaq. Meydanda bu sevinci görsək, Almaniya komandasının əla Avropa çempionatı olacaq”, deyə Nagelsman bildirib.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda Almaniya yığması Şotlandiya, Macarıstan və İsveçrə yığmalarının yer aldığı “A” qrupunda mübarizə aparacaq.