Futbol üzrə Fransa çempionatının sonuncu qalibi olan PSJ əslən Tunisdən olan yarımmüdafiəçisi Adam Ayari ilə peşəkar müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Yeni müqaviləyə əsasən, hücumameyilli yarımmüdafiəçi 2029-cu ilin iyun ayınadək Paris təmsilçisinin formasını geyinəcək.
2008-ci il martın 30-da Parisdə anadan olmuş Ayari 6 yaşında PSJ akademiyasına qoşulub. Klubun yetirməsi sayılan futbolçu texniki bacarığı, kreativliyi və oyun quruculuğu ilə bütün yaş qruplarında diqqət çəkərək əsas perspektivli futbolçulardan birinə çevrilib.
O, ötən mövsüm PSJ-nin U-19 komandasında Fransa çempionatında keçirdiyi 20 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Ayarinin uğurlu çıxışı sayəsində Paris klubu ardıcıl ikinci dəfə U-19 Fransa çempionu olub.
Gənc futbolçu həmçinin “Coupe Gambardella” turnirində komandasının qələbəsində mühüm rol oynayıb. O, altı oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ bununla da 35 ildən sonra ilk dəfə bu nüfuzlu gənclər kubokunu qazanıb.
Adam Ayari UEFA Gənclər Liqasında da 5 qola imza atıb. O, eyni zamanda məktəbi uğurla başa vuraraq bakalavr imtahanını verib.
Futbolçu Fransanın U-16 millisindən etibarən bütün aşağı yaş qruplarında forma geyinib və hazırda U-19 yığmasının üzvüdür. O, Fransanın müxtəlif yaş qruplarından ibarət millilərində ümumilikdə 18 oyunda iştirak edib və 3 qol vurub.


