Almaniya çempionu “Bayer”in çexiyalı hücumçusu Adam Hlojek bundan sonra “Hoffenhaym”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Hoffenhaym”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Sözügedən klub Leverkuzen təmsilçisinin futbolçusunu tamhüquqlu keçid əsasında öz düşərgəsinə qatıb. Keçid “Hoffenhaym”a 18 milyon avro məbləğində başa gəlib. Hlojekin alman klubu ilə müqavilə müddəti haqda məlumat hələ açıqlanmayıb.
Adam Hlojek futbola “Sparta”da başlayıb. “Bayer” çexiyalı futbolçunu 2022-ci ilin yayında 13 milyon avro müqabilində heyətinə qatmışdı.
Adam Hlojekin “əczaçılar”ın heyətində çıxışının ümumi mənzərəsi 80 oyun, 14 qol və 11 məhsuldar ötürmədən ibarətdir.
Adam Hlojek 2020-ci ilin sentyabrında debüt etdiyi Çexiya yığmasının heyətində 34 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Adam Hlojekin qənimətlər muzeyində “Sparta” ilə qazandığı Çexiya Kuboku, “Bayer”lə qazandığı Almaniya çempionluğu və Almaniya Kuboku var.
Fərdi nailiyyətlərə gəlincə, Hlojek 15 qolla 2020/2021-ci illər mövsümündə Çexiya çempionatının ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


