Adam Uorton 21 milyon avroya Premyer Liqa klubunda

İngiltərənin “Bləkbörn” klubunun mərkəz yarımmüdafiəçisi Adam Uorton bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Kristal Pelas” Uortonun transferi üçün “Bləkbörn”ə 21,1 milyon avro ödəyib. 21 yaşlı futbolçu müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb. O, yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Adam Uorton “Bləkbörn”ün öz yetirməsidir. O, 2022-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. İngilis yarımmüdafiəçi doğma klubunun heyətində 51 oyuna 4 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. O, İngiltərənin U-19 və U-20 yığmalarında da forma geyinib.

“Kristal Pelas” sağ cinah yarımmüdafiəçisi Malkom Ebioueyi də icarəyə göndərib. 20 yaşlı futbolçu bu mövsümün sonuna kimi Belçikanın “Molenbek” komandasında forma geyinəcək. İcarə müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb. Onun İngiltərə klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədərdir.

Malkom Ebiouey “Çelsi”, “Arsenal”, “Reyncers” kimi klubların futbol akademiyalarından keçib. O, peşəkar karyerasına “Derbi Kaunti”də başlayıb. 2022-ci ildən “Kristal Pelas”da olan Ebiouey ötən mövsüm “Hall Siti”də də icarədə olub. “Kristal Pelas”da cəmi 5 oyun keçirmiş vinger Niderlandın U-15, İngiltərənin U-16 və U-20 yğmalarında da oynayıb.