AFFA-dan “İmişli”yə texniki məğlubiyyət və 8700 manatlıq cərimə!

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqası və İkinci Liqa ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Premyer Liqanın 4-cü, İkinci Liqanın isə 2-ci turunun oyunlarındakı qayda pozuntularına aşağıdakı formada hüquqi qiymətlər verilib:

Azərbaycan Premyer Liqası, 4-cü tur

“İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli”nin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. “İmişli” buna görə 5000 manat cərimə də ödəyəcək. “İmişli”nin heyətində 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda daha 700 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “İmişli”nin futbolçusu Rafael Vyeqas təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “İmişli” buna görə də 3000 manat cərimə ödəyəcək. “Sumqayıt”ın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sumqayıt” 5000 manat cərimə edilib.

“Şamaxı” – “Karvan-Yevlax” oyununda “Şamaxı”nın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt klubu 3000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə paytaxt klubu 5000 manat cərimə edilib.

İkinci Liqa, 2-ci tur

“Ağdaş” – “Şirvan” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Ağdaş”ın futbolçusu Eşqin Vəliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Ağdaş” buna görə 50 manat cərimə edilib. Oyunda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Ağdaş” 100 manat cərimə edilib. “Şirvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz”ın futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Kür-Araz” buna görə 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Kür-Araz”ın futbolçusu Elnur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Kür-Araz” buna görə 1000 manat cərimə edilib. “Kür-Araz”ın futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Kür-Araz” buna görə 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Kür-Araz”ın vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Kür-Araz” buna görə 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Göygöl”ün azarkeşləri meydançaya daxil olduğuna görə sözügedən komanda 250 manat cərimə edilib. Stadionun otaqlarında oyun günü planı olmadığına görə “Göygöl” 100 manat cərimə edilib. Oyunda topdaşıyanlar davranış qaydalarını pozduğuna görə “Göygöl” 150 manat cərimə edilib.