Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda əvvəlcə Azərbaycan Premyer Liqasının 10-cu turunun “Sabah” – “Zirə” oyunu ilə bağlı qərara təkrar baxış keçirilib.
Belə ki, AFFA İK bu ayın 20-də keçirilən iclasda “Sabah” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Çoşqun Diniyevin oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə onu 1 oyun cəzalandırmışdı. Klub isə buna görə 200 manat cərimə olunmuşdu. Çoşqun Diniyev qırımızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün əlavə 1 oyun cəzalanmışdı. Klub isə buna görə də 2400 manat cərimə olunmuşdu. Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcəkdi.
Lakin “Zirə” klubu bu qərardan Apellyasiya Arbitraj Tribunalına şikayət edərək, cəzanın yüngülləşdirilməsini tələb edib. Apellyasiya Arbitraj Tribunalı da AFFA İntizam Komitəsinin İntizam Məcəlləsinin 47.2 və 65.1-ci maddələri üzrə Coşqun Diniyev barəsində 20.10.2022-ci il tarixdə qəbul etdiyi qərarların yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilməsi barədə qərar vermişdi. İK bu gün keçirilən iclasda məsələyə yenidən baxıb və Diniyevin cəzası yüngülləşdirilib.
Yenilənmiş qərar belədir: “Zirə”nin futbolçusu Çoşqun Diniyev 84-cü dəqiqədə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına, qırımızı vərəqə alaraq meydançanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığına görə İntizam Məcəlləsinin 33-cü maddəsi nəzərə alınmaqla 1 oyun cəzalanır. Klub isə 2400 manat cərimə olunur. Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya edilsin.
Premyer Liqanın 11-ci turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail”in futbolçusu Tural Bayramlı 42-ci dəqiqədə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Onun klubu da 1600 manat cərimə olunub.
11-ci turun “Neftçi” – “Sabah” oyununda da “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı 75-ci dəqiqədə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Buna görə futbolçunun klubu da 1600 manat cərimə olunub.


