Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən öncə noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

AFFA İcraiyyə Komitəsinin üzvləri aparılmış müzakirələrdən sonra aşağıdakı qərarları qəbul ediblər.
- Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılıb. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməlidir.
- Aşağı yaş qruplarından ibarət milli komandalara aşağıda göstərilmiş baş məşqçilər təyin olunub:
U-15 və U-16 yığmaları – Füzuli Məmmədov
U-17 – Elxan Abdullayev
U-18 – Aqil Nəbiyev
- AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının AFFA tərəfindən keçirlimiş tenderə uyğun olaraq inşası təsdiq olunub.
- Regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis olunub. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılıb.
- “Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsiniin satışa çıxarılması qərara alınıb.
- Apellyasiya və Arbitraj Tribunalının üzvü Zaur Qəhrəmanov öz xahişi ilə üzvlükdən azad olunub. Gülağa Cabarov Apellyasiya və Arbitraj Tribunalının üzvü təyin olunub.
- Əsgər Abdullayev Məşqçilər Komitəsinə üzv təyin olunub.
- AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FİFA Forward Layihəsindən 150 000 ABŞ dolları məbləğində maliyyələşməsi təsdiq olunub.
- VAR layihəsi üçün 500 000 ABŞ dolları məbləğində FİFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiq olunub.
İclasın sonunda “Qarabağ” klubuna Avropa Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə AFFA-nın İcraiyyə Komitəsinin adından təbrik ünvanlanıb.



