Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 3-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 3-cü tur
“Qəbələ” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qəbələ” 2500 manat cərimə edilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz”də 6 nəfər sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” 2500 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Gəncə komandası 3000 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununun 70-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Neftçi” buna görə 500 manat cərimə edilib. Oyunun 80-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə paytaxt komandası 2000 manat cərimə edilib.
“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sumqayıt” 5000 manat cərimə edilib. Oyunun 31-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kadi Borges təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyunluq cəza alıb. Ağdam komandası buna görə 3000 manat cərimə ödəyəcək. Sınaq müddəti 6 ay təyin edilib.


