Bu gün AFFA-nın inzibati binasında qurumun İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqa, Birinci Divizion və Azərbaycan kubokunun son oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 30-cu tur
“Zirə” – “Səbail” oyununun ikinci hissəsində qonaq komanda meydançaya gec çıxdığına görə “Səbail” klubu 2400 manat cərimə edilib.
“Neftçi” – “Qəbələ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozduğuna görə klub 200 manat cərimə edilib. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib. “Turan Tovuz”un futbolçusu Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Onun klubu da buna görə 200 manat cərimə edilib. Oyun bitdikdən sonra “Turan Tovuz”un futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Tovuz klubu buna görə 1600 manat cərimə edilib. Oyun bitdikdən sonra “Turan Tovuz”un qapıçısı Kamal Bayramov rəqib futbolçuları təhqir etdiyinə görə 3 oyun cəzalanıb. Tovuz klubu isə buna görə 1600 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” matçına yanğından mühafizə xidməti maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 400 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə paytaxt klubu 1600 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Ağdam klubu da 1600 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 1600 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən 155 oturacaq sındırıldığına görə meydan sahibi kluba dəymiş zərər Ağdam təmsilçisi tərəfindən ödəniləcək.
Birinci Divizion, 25-ci tur
“Zaqatala” – “Kəpəz-2” oyununda “Zaqatala”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Turan Tovuz-2” oyununda topdaşıyanlar topla artıq rəftar etdiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.
“Mingəçevir” – “Qəbələ-2” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimələnib.
“Səbail-2” – “Zirə-2” oyununda “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimələnib.
AFFA-nın İntizam Komitəsi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə də bağlı qərarlarını açıqlayıb. Qurum “Turan Tovuz” – “Neftçi” ilə bağlı bu qərarları qəbul edib:
“Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Tovuz klubu 800 manat cərimə edilib. Oyunun fasiləsi zamanı “Neftçi”nin prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə ölkə kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Paytaxt klubu buna görə 4000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib.


