AFFA “Qarabağ” – “Neftçi” matçı ilə bağlı sərt qərarları açıqladı

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 24-cü turunun “Qarabağ” – “Neftçi” matçında baş verən hadisələrə hüquqi qiymətini verib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, bu gün İntizam Komtitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Zirə” oyununda “Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Şamaxı” – “Sabah” oyunundan sonra “Sabah”ın rəsmi şəxsləri ilə oyunun birinci köməkçi hakimi arasında mübahisə yaşanıb. Paytaxt klubu buna görə 3200 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə Ağdam klubu 4000 manat cərimə edilib.

“Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə paytaxt klubu 800 manat cərimə edilib.

“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atılmasına görə paytaxt klubu 1600 manat cərimə edilib.

“Neftçi” azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə paytaxt klubu 4000 manat cərimə edilib.

“Neftçi” azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan paytaxt klubu tərəfindən ödəniləcək.

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili azarkeşlərə tərəf kənar əşya atdığına görə oyunçu 3 oyun cəzalandırılıb. Ağdam klubu buna görə 2400 manat cərimə edilib. Oyun cəzası şərti olaraq tətbiq edilib. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: