“Zirə”nin hücumçusu Ağabala Ramazanov futbol üzrə Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib. Arena.az xəbər verir ki, hücumçunun yubileyi “Zirə”nin “Səbail”lə ev matçına (2:1) təsadüf edib.
23-cü turun qarşılaşmasına qədər 199 oyunun iştirakçısı olan forvard start heyətində meydana çıxıb. O, bu görüşlərdə 37 qola imza atıb.
2020-ci ilin əvvəlindən “Zirə” forması geyinən Ağabala Ramazanov “qartallar”ın heyətində 45 matçda 12 dəfə rəqib qapılarına yol tapıb. 29 yaşlı futbolçu daha öncə “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “İnter” (indiki “Şamaxı”), “Qarabağ” və “Səbail”də də forma geyinib. Azərbaycan yığma komandasında 18 oyun keçirmiş forvard 1 qolla yadda qalıb.


