Alan Şirer: “Rekordumu qorumaq üçün Keyni özüm yola salaram”

İngiltərə yığmasının sabiq üzvü Alan Şirer “Tottenhem”in hücumçusu Harri Keynin “Bayern”ə keçə biləcəyinə dair yayılan xəbərləri şərh edib.

Arena.az “The Athletic”ə istinadən Şirerin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Xəbəri eşidəndə fikrim bu oldu ki, Keyn “Bayern”ə keçmək istəsə, onun avtomobilini ora özüm sürərəm – nə olur, olsun, Premyer Liqada vurduğum qollar üzrə rekordumu qorumaq üçün hər şey edərəm. Mənim 260 qolum, Keynin 213 qolu var. Əslində, istənilən ümid güman ki, əbəsdir. Harrinin 30-a yaxın yaşı var, amma özünə baxır, heç bir ciddi zədə almayıb və o, bir neçə ildən sonra İngiltərəyə qayıdıb məni ötmək üçün kifayət qədər qol vurmağa da qadirdir. Buna rəğmən, mənə açarları və naviqatoru verin, mən də yola düzələrəm…”, deyə Alan Şirer özünəməxsus yumor nümayiş etdirib.

Xatırladaq ki, daha əvvəl “Bayern”in Harri Keyn üçün “Tottenhem”ə 93 milyon avro təklif etməyə hazır olduğu bildirilmişdi.